"Əhməd Cavad Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir" - Qənirə Paşayeva

"Əhməd Cavad Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir" - Qənirə Paşayeva
  • Cəmiyyət

  • Cənab Prezidentimiz İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. “Şuşa İli”mizdə istiqlal şairimizi dövlət səviyyəsində anmaq çox anlamlı bir hadisədir. Xalq Cümhuriyyətinin layiqli varisi olan müstəqil respublika, qalib dövlət və qədirbilən xalq olaraq istiqlal şairimizi qürurla anır, ruhunu şad edirik!

    Gələn ay anadan olmasının 130 illiyi tamam olan Əhməd Cavad Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir, bütün Türk dün­yasında tanınmış istiqlal şairimiz, maarifçi və ictimai xadimimizdir. Türk dünyası ilə bağlı elə bir böyük ədəbi-musiqili tədbir, Türk dünyası gənclərinin elə bir Qurultayı olmayıb ki, orada “Çırpınırdın, Qara dəniz” səsləndirilməsin...

    Ən ali şeirimizin – dövlət himnimizin söz yazarı Əhməd Cavad, Prezidentin imzaladığı Sərəncamda da vurğulandığı kimi, ədəbi-bədii fikri tariximizdə özünəxas dəst-xətti, üslubu ilə seçilən, istiqlal düşüncəmizdə müstəsna mövqeyə malik ustadlardandır. Canından əziz bildiyi doğma xalqının müstəqillik ideallarına öz yanar ürəyi ilə tam bağlı olan ədibin həyatı sədaqət, vəfa, inam və dözüm örnəyi təşkil edir. Heç təsadüfi deyil ki, Əhməd Cavadın sevimli həyat yoldaşı, adı şairin öz adı qədər əziz olan Şükriyyə xanım da bütün məhrumiyyətlərə, əzablara baxmayaraq, öz sədaqəti, vəfası, inam və dözümü ilə seçilib. Müstəqil dövlətçiliyini bərpa etmiş əzmkar xalqımızın Əhməd Cavada bəslədiyi yüksək və həssas münasibət onun mübarizəsinin hədər getmədiyini sübut edən ən önəmli hadisədir. Xalqımızın, dövlətimizin Əhməd Cavad irsinə münasibəti qədirbilənliklə yanaşı, şairin haqq etdiyi sədaqətin, vəfanın təcallasıdır. Sonrakı illərdə milli məfkurə ilə silahlanmış, istiqlaliyyət və Turan motivlərinə davamlı müraciət etmiş onlarla şair, yazıçımız həm də Əhməd Cavadın yarımçıq qalmış yolunu davam və inkişaf etdirib.

    Respublikamız XX yüzilliyin 90-cı illərində ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdi. Bu tarixi hadisədə gənclərin, yeni nəsillərin, aydınların, ümumən xalqın geniş kütlələrinin yeri, rolu danılmazdır. Və heç şübhə yoxdur ki, müstəqilliyi bərpa edən nəsillərin istiqlal ruhu Əhməd Cavad kimi şəxsiyyətlərin və onların silahdaşlarının mübarizəsindən, ömründən ilham alıb.  

    Daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olan maarifçi ədibimiz, XX yüzilin 30-cu illərinin dəhşətli repressiyasına məruz qalaraq, totalitarizmin günahsız qurbanına çevrilsə də, işıqlı xatirəsi yaşayır və əbədi yaşayacaqdır. – Anadan olmasının 130-cu ildönümünün dövlət səviyyəsində qeyd olunması bu yaşarılığın təcallasıdır.

    Şairin ruhu şad, dövlətimizin bayrağı uca olsun!

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva
    PAYLAŞ:

    Oxşar xəbərlər