“Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı etnik təmizləmə aparmadıq”

“Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı etnik təmizləmə aparmadıq”
  • Cəmiyyət

  • 20 oktyabr 2020-ci il. Doğma Azərbaycanımızın şanlı tarixinə növbəti qələbə əzmi yaratdı bu tarix. Zəngilanın düşmən işğalından azad olunması. Bu, Cənab Ali Baş Komandan İlham Əliyevin Qarabağın işğaldan azad olunması barədə verdiyi xoş müjdələrdən biri idi. Bu xəbərlər bizi əmin edirdi. Əmin edirdi ki, qələbə yaxındadır. Ali Baş Komandanın cəsarəti, Milli Ordumuzun dəyanəti sayəsində yaxındadır tarixi qələbə. Bilirdik ki, müzəffər ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilmir. Hər gün doğma torpaqlarında müharibə aparan ölkəmiz ərazi bütövlüyünü qarış-qarış bərpa edirdi. Onlardan biri də Zəngilan idi... 

     

    Tarixə bir az nəzər salaq. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılmışdı. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edirdi.

     

    1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal edir. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilir. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalır. Zəngilan rayonu isə 1930-cu ildə yaradılır. Rayonun sahəsi 707 kvadrat kilometr, əhalisi 35 mindən çox olub. Ərazisinə bir şəhər, bir qəsəbə, 83 kənd daxil olan Zəngilanda işğal ərəfəsində yüzlərlə milli və dini-tarixi abidə olub. Amma bu gün ən böyük abidə Zəngilanın işğaldan azad olunması və Prezident İlham Əliyevin azad olunmuş torpaqlarımıza tarixi səfərləridir. Bu ilin 27 mayında Zəngilan rayonunun Ağalı kəndinə edilən səfər, burada “Ağıllı kənd” layihəsinin açılışı da həmin tarixi günlərdəndir. Bütün bunlar əlbəttə ki, sadə yollarla əldə olunmayıb. Yüzlərlə qəhrəman oğullarımızın canı, qanı bahasına əldə etmişik bugünkü rahatlığımızı. Burada dövlətçilik siyasətinin də rolu danılmazdır. Bu gün ölkənin iqtisadi göstəriciləri çox müsbətdir. Dünya miqyasında məhz 2022-ci ildə ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Bu, əbəs deyil. Çünki Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir. İqtisadi cəhətdən müstəqil ölkələrin sayı isə o qədər də çox deyil. Azərbaycan hərbi gücünü artıran respublikadır. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır. Bunu artıq bütün dünya görür və bilir. Əlbəttə, müstəqil olmasaydıq erməni işğalına son qoyula bilməzdi. Çünki bu işğalı şərtləndirən xarici amillər var idi. Ulu öndər Heydər Əliyev də bu xarici amillərlə qarşı mübarizə apardı, prezident İlham Əliyev də. Səbrlə, dözümlə, mətanətlə... Sonda şanlı qələbə ilə...

     

    Bu gün Ermənistanın acınacaqlı vəziyyəti göz qabağındadır. Bu vəziyyət təbii ki, onların işğalçılıq siyasətinin nəticəsidir. Prezidentin çıxışında deyildiyi kimi: “Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz”. Bəli, indi Ermənistan dövlətinin rəzil duruma düşdüyünü bütün dünya bilir. Müharibədən əvvəl və müharibə dövründə Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. Azərbaycan xalqı güclü iradə göstərdi, birləşdi. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayandı.

     

    44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmadıq, şəhər və kəndləri yerlə-yeksan etmədik. Biz yalnız öz torpaqlarımız uğrunda döyüşdük. 

     

    Artıq işğaldan azad olunan doğma torpaqlarımıza “Böyük qayıdış” prosesinə start verilib. Burada bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanın Ağalı kəndində icra edilib. Bir il bundan əvvəl Ağalı kəndində inşaat işləri başlayıb və artıq 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, həmçinin ikimərtəbəli və üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi də bu layihədə nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Bu tikililər içində Zəngilan Hava Limanını da xüsusi qeyd etmək istərdim. Hava Limanı artıq bu il istifadəyə veriləcək. Əlbəttə, görülən işlər asan başa gəlmir. Prezidentin xalqa güvənməsi, xalqın öz prezidentinin ətrafında olması bütün çətin, ağrı-acılı günləri geridə qoyur və qoyacaq. Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. 

     

    Kürçaylı Məmmədov

    Salyan Rayon Mədəniyyət Mərkəzinin direktor əvəzi, bədii rəhbər

    PAYLAŞ:

    Oxşar xəbərlər