MƏŞHUR MƏMMƏDOV: “DÜNYADA GEDƏN İQTİSADİ PROSESLƏR FONUNDA MAAŞ-PENSİYA ARTIMI GÖSTƏRİR Kİ…”

MƏŞHUR MƏMMƏDOV: “DÜNYADA GEDƏN İQTİSADİ PROSESLƏR FONUNDA MAAŞ-PENSİYA ARTIMI GÖSTƏRİR Kİ…”
  • Sosial / Manşet

  • Məlum olduğu kimi, Azərbaycanda minimum aylıq əməkhaqqı cari il yanvarın 1-dən 345 manat müəyyən edilib. Prezident İlham Əliyev bununla bağlı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
    Prezident İlham Əliyevə əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflər təqdim ediləcək. Hazırda Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manatdır.
    Dövlət başçısının sərəncamını şərh edən millət vəkili Məşhur Məmmədov Tribunainfo.az-a bildirib ki, prezident əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ilin ilk günlərində daha bir mühüm addım atmış oldu.

    Millət vəkili hesab edir ki, minimum əmək haqlarının, maaş və pensiyaların artırılması minlərlə vətəndaşın büdcəsinə, bütövlükdə əhalinin sosial rifahına əsaslı şəkildə müsbət təsir edəcək.

    M.Məmmədovun sözlərinə görə, dünyada yaşanan iqtisadi proseslər, pandemiya və Ukraynadakı müharibənin yaratdığı inflyasiya, o cümlədən bahalaşma bütün ölkələrdə olduğu kimi Azərbaycana da təsir göstərib:
    “Maliyyə naziri Samir Şərifov da açıqladı ki, inflyasiya yüksəkdir, iqtisadçılar da təsdiqləyirlər ki, qlobal proseslərin təsirləri ölkəmizdən də yan keçmir. Ona görə ötən il iqtisdi cəhətdən qiymət artımı, inflyasiya ilə yadda qaldı.
    Bu il də Ukrayna müharibəsinin, o cümlədən pandemiyanın gətirdiyi iqtisadi təsirlər olacaq. Cənab prezident bu neqativ təsirlərin aradan qaldırılması, kompensasiya edilməsi üçün növbəti dəfə mühüm qərar imzaladı. Fikrimcə, minimum əmək haqlarının artırılması xalqın iqtisadi-sosial şəraitinə müsbət təsir edəcək. Bununla yanaşı qiymətlərin tənzimlənməsi də həyata keçirilməlidir”.
    Deputat hesab edir ki, qonşu ölkələrdə, eləcə də Avropada yüksək inflyasiya müşahidə olunur: “Azərbaycan iqtisasi siyasətini xalqın sosial rifahını yaxşılaşdırmaq üzərində qurub. Bütün addımlar buna hesablanıb. Eyni zamanda azad edilən ərazilərdə abadlıq-quruculuq işləri aparılır.
    Bu tədbirlərin demək olar ki, əsas xərclərini dövlət üzərinə götürüb. Bu halda həm işğaldan azad edilən torpaqlarda iş görmək, həm maaş və pensiyaların artırılması kifayət qədər mühüm addımlardır. Həmçinin bu il yeni iş yerləri açılacaq. Bütün bunlar göstərir ki, Prezidentin siyasəti həmişə xalqın maraqlarını təmin etməyə, xalqa xidmət göstərməyə yönəlib”.
    Tribunainfo.az
    PAYLAŞ:

    Oxşar xəbərlər