DİM-dən verilən məlumata görə, imtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
"İmtahana buraxılış vərəqəsi".
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 9 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 538, BB qrupu üzrə 1674 olmaqla, ümumilikdə 2212 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 193 nəzarətçi müəllim, 20 buraxılış rejimi əməkdaşı ayrılıb.