Qənirə Paşayeva Milli Məclisdə büdcə müzakirələri zamanı şəhid ailələri və qazilərlə bağlı bir sıra təkliflərlə çıxış edib - VİDEO

Qənirə Paşayeva Milli Məclisdə büdcə müzakirələri zamanı şəhid ailələri və qazilərlə bağlı bir sıra təkliflərlə çıxış edib - VİDEO
  • Siyasət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin büdcə müzakirələrində çıxış edərək, mövcud büdcə layihəsi barədə danışıb, müxtəlif təkliflər verib.

    "Mən də Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il Dövlət Büdcəsi haqqında qanun layihəsini dəstəkləyirəm və vurğulamaq istəyirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində cənab prezidentimizin rəhbərliyi ilə çox böyük islahatlar və layihələr həyata keçirilir. Hamımız bu görülən işləri dəstəkləyirik. Vətəndaşların müraciətləri ilə bağlı tez-tez nazir Sahil Babayevə müraciətlər edirəm. Həmin müraciətlərin hər birinə həssaslıqla yanaşılır. Bunun üçün Sahil müəllim başda olmaqla, nazirliyin rəhbərliyinə təşəkkür edirəm. Bu əslində vətəndaşların müraciətinə verilən dəyərdir.

    Mən bir neçə məsələyə də toxunacam.
    Hamımız bilirik ki, şəhid ailələrimiz, qazilərimizin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər cənab Prezidentin, Mehriban xanımın daimi olaraq diqqətindədir və çox önəmli işlər həyata keçirilir. Hər birimizin təmsil etdiyimiz bölgələrdə belə bir problemlər var. Təbii ki, ən önəmli məsələ şəhid ailələrinin evlə təminatı məsələsidir. Biz inanırıq ki, 2014-cü ilə qədər qeydiyyatda olan şəhid ailələrimiz və qazilərimizin mənzil probleminin həlli qısa zamanda başa çatacaq; amma bu proqram daha da sürətlənəcək. Bütün şəhid ailələrimiz, özəlliklə, kirayədə yaşayan şəhid ailələrimiz və qazilərimiz var ki, onların problemlərinin qısa zamanda öz həllini tapacağına inanırıq.

    Mən bir məsələni də xahiş etmək istəyirəm. Bəzi şəhid ailələri və qazilərimiz var ki, onların yaşamağa evləri var; amma həmin evdə yaşayış şərtləri çox ağırdır. Hesab edirəm ki, onların yaşadıqları yerdə şərtlərin yaxşılaşdırılması imkanları ilə bağlı bir proqram da həyata keçirilə bilər.

    Məşğulluqla bağlı çox önəmli işlər həyata keçirilir. Öz təmsil etdiyim bölgədə də bunun şahidi oluram. Çünki nazirliyin bölgə üzrə əməkdaşları ilə tez-tez əlaqə saxlayırıq. Şəhid ailələrimizə, qazilərimizə xüsusi diqqət göstərilir. Vətən Müharibəsindən sonra görüşdüyümüz qazilərimiz arasında görürük ki, Vətən çağıranda ilk olaraq, könüllü olaraq, gedən gənclərimiz var ki, onların bəzilərinin ali təhsili yoxdur. Döyüşlərə gedənə qədər bəzilərinin işləri olmayıb. Onlara peşə öyrədilməsi və məşğulluqla bağlı məsələlərin, iş yerləri ilə təmin olunmaları məsələsinin xüsusi diqqətdə olmasına ehtiyac var. Çünki biz görüşdüyümüz zaman görürdük ki, onların ailələrinin bu gənclərin işləməsinə nə qədər ehtiyacı var. Ona görə məşğulluq proqramı çərçivəsində bu məsələyə xüsusi önəm verilsə çox məmnun olarıq.

    Sonda bir məsələni vurğulamaq istəyirəm ki, aliment fondunun yaradılması bizim çoxumuzun dəstəklədiyimiz bir mövzudur. Boşanan ailələrdə ən çox zərər çəkən uşaqlar olur. Bir çox analar aliment almaqda çətinlik çəkir. Bunun nəticəsində uşaqlar ailələrdə çox ciddi problemlərlə üzləşir. Mən xahiş edirəm, uzun müddət aliment ala bilməyən anaların məşğulluq məsələsinə xüsusi diqqət yetirilsin. Həmin anaların ən azından məşğulluqla bağlı məsələləri həll olunsa övladları daha çox əziyyət çəkmədən böyüyə bilərlər." - deyə Komitə sədri qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər