Oğlu şəhid olan gün həyat yoldaşına gözaydınlığı verən şair – “Təbrizdən sonra iki il yaşadı!”

Oğlu şəhid olan gün həyat yoldaşına gözaydınlığı verən şair – “Təbrizdən sonra iki il yaşadı!”
  • Cəmiyyət

  • Bu gün İstiqlal Şairi Xəlil Rza Ulutürkün oğlu , Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin şəhadətə ucaldığı günün il dönümüdür.

    Asiya.az xəbər verir ki, şairin həyat yoldaşı Firəngiz xanım xatirələrində XəlilRzanın oğlunun şəhid xəbərini ilk verən şəxs olduğunu deyib.
    Şair oğlunun ölümündən ciddi sarsıntı keçirib və yoldaşına "Gözün aydın Firəngiz! Təbrizimiz şəhid oldu!” deyib.
    Məlumatlara görə, Təbrizin şəhid olmasından sonra Xəlil Rza hər gün Şəhidlər Xiyabanına gedir, iki il sonra isə vəfat edir.
    Qeyd edək ki, T.Xəlilbəyli 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanır. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərir. Döyüş şücaətinə görə DİN-nin "Boz qurd” mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. Həmin döyüşdə Təbriz qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucaldı.

    Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
    Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
    Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.

    Şairin övladına həsr etdiyi "Oğlum Təbrizə" şeirini təqdim edirik:
    Qoy sənə doğulan günəş deyim ki,
    Nurunla açılan al səhərəm mən.
    Yeddi il yol gələn, a mənim ilkim,
    Gəldiyin yollara gül düzərəm mən.

    Özüm də bilmirəm nə işdir bu iş,
    Yerdənmi, göydənmi tapmışam səni.
    Bəlkə də səni heç tale verməmiş,
    Taleyin əlindən qapmışam səni.
    Sən - bu gün sevincim, qanadım-qolum,
    Dünən ürəyimə dağ olmusan sən.
    Heç ana bətninə düşməmiş, oğlum.
    Bu ata könlümdə doğulmusan sən.

    Özün də bilmirsən öz qiymətini,
    Döyüş səngərimsən, qalamsan mənim.
    Bir evin qeyb olmuş səadətini
    Min evə qaytaran balamsan mənim.
    Ən böyük sevincsən, ən müqəddəs qəm,
    Məni od içinə atan Təbrizim.
    Üzünə baxanda balam deyirəm,
    Adını çəkəndə - atam Təbrizim.
    Mən səni görəndə çırpınır qəlbim,
    Deyirlər naşıyam, görməmişəm mən.
    Alıram boynuma niyə gizlədim,
    Sənin tək səadət görməmişəm mən.
     
    Anan süd veribdir fəqət mən sənə.
    Köksümdə közərən odu vermişəm.
    Seçib milyon-milyon adlar içindən,
    Dünyada ən gözəl adı vermişəm.
    Sən - oğul, sən - igid, sən - ər oğlu ər!
    İftixarla daşı sən öz adını.
    Məğribə, məşriqə, aləmə göstər
    Alnında gizlənmiş istedadını.
    Bir səhər, bir günəş var mənzilimdə,
    Qoy dünyalar bilsin nəçisən, kimsən.
    Kiçik mənzilimdə, dar mənzilimdə
    Sən ucsuz-bucaqsız məmləkətimsən.
    Ey bala Təbrizim, gün o gün olsun
    Ana Təbrizimə mən azad deyim,
    Ustad Şəhriyarla görüşün olsun.
    Təbrizi Təbrizə qol-qanad deyim.

    Arzular könlümdə çeşmə-çeşmədir,
    Arzular qoynunda boy atmış könül.
    Səni arzum üçün, amalım üçün,
    Səni döyüş üçün yaratmış könül.
    Atanın ömrünə oğul yaraşıq,
    Qoy bir nəfəs alım daha dərindən.
    Mən öz Təbrizimlə bu gün yanaşı
    Keçirəm Bakımın küçələrindən.
    Bu gün yağış yağır... qorxma yağışdan!
    Tufanda, şimşəkdə bərkisin canın.
    Sən mənim balamsan, mən sənin atan
    Biz bir cüt oğluyuq Azərbaycanın...
    PAYLAŞ:

    Oxşar xəbərlər