Ləyaqətli müharibə aparmaq mədəniyyəti

Ləyaqətli müharibə aparmaq mədəniyyəti
  • Siyasət

  • Tarix boyu dövlətlər işğalçı və ədalətsiz, müdafiə, azadlıq və ədalətli mübaribələr aparıblar. Müharibə siyasətin başqa, zorakı vasitələrlə davamıdır. Amma bəlli bir müharibə siyasəti də var.
           
    İndi dünyada gedən proseslər fonunda türk xalqlarının dərin milli-mənəvi dəyərlərinə əsaslanan dövlətlərinin ləyaqətli müharibə apardıqlarını xatırlamaqda fayda var.  Tarixi ardıcıllıqla iki faktı nəzərinizə çatdırıram. 

    1. 1918-ci ilin sentyabrında Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusu Bakını azad etdi.  Hərbi əməliyyatlar gedən zaman Bakıda olan düşmən ingilis ordusunun generalı Leonel Denstervil sonralar xatirələrində yazırdı ki, türk topçuları Bakını o qədər dəqiqliklə hədəfə alırdılar ki, şəhərdəki bircə tarixi bina da dağılmadı. Sonralar həbs olunsa da, Batum həbsxanasından azərbaycanlı gənclərin də köməyi ilə qaçırılan Nuru Paşa Bakıda ingilis jurnalisti  Skotland Liddellə görüşündə demişdi ki, bizə şəhər lazım idi, əhalini əsir götürmək  lazım deyildi. 

    2. 44 günlük müharibədə torpaqlarını işğaldan azad edən Azərbaycan ordusu mülki obyektləri, məktəbləri, dini ibadət yerlərini, xəstəxanaları, kitabxanaları hədəf almadı, muzdlulardan isitfadə etmədi.
            
    Müharibədə bir-birinə qarşı döyüşən əsgərin ölməsi nə qədər ağır olsa da, müharibənin qanunudur, təbiidir. Ancaq Azərbaycan və Türkiyə heç bir zaman  apardığı müharibələrdə dinc əhalini, qocanı, qadını, uşağı, xəstəni, kilsəni, bazar yerini, xəstəxananı vurmayıb. 

    Hərbi əməliyyatları düşündükləri kimi getməyənlər, yalnız döyüş meydanında məğlub olanlar  bütün şəhər, qəsəbə və kəndləri, mülki əhalini, uşaqları, qadınları, qocaları, xəstələri, xəstəxanaları, dini ibadət yerlərini, məktəbləri hədəf  alarlar. Müharibə çox pis bir şey olsa da, onun aparılması hərb mədəniyyətinin bir hissəsidir və ləyaqət tələb edir. 
        
    Bir çox məsələlərdə olduğu kimi   ləyaqətli müharibə aparmaq mədəniyyətini öyrətməkdə də Azərbaycan USTAD MÜƏLLİMDİR!.
    Musa Qasımlı,
    AMEA-nın müxbir üzvü, millət vəkili 
    PAYLAŞ:

    Oxşar xəbərlər