Prezident Vaqif Məmişovu “Dostluq” ordeni ilə təltif etdi

Prezident Vaqif Məmişovu “Dostluq” ordeni ilə təltif etdi
  • Siyasət

  • Prezident İlham Əliyev Vaqif Məmişovun "Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, Sərəncamla Azərbaycanla Rusiya arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Vaqif İmamqulu oğlu Məmişov "Dostluq” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, V. Məmişov "Konrad” Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədridir. Bu il onun 60 illik yubileyidir. 

    Qeyd edək ki, tanınmış iş adamı, diaspor rəhbəri Məmişov Vaqif İmanqulu oğlu 1962-ci ildə Masallı rayonu Zuvand kəndində anadan olub.

     

    V.Məmişov Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, Rusiya Biznes Dəyirmi Masasının üzvü, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlukəsizliyi Elmlər Akademiyasının akademiki, "Konrad" Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrəÜmumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviridir.

     

    Hərbi xidmət keçdiyi və təhsil aldığı Leninqrada 1983-cü ildə gəlib. 1988-ci ildə Leninqrad Avtomobil Nəqliyyatı Texnikumunu, 1999-cu ildə isə Rusiya DİN-nin Sankt-Peterburq Akademiyasının huquq fakültəsini bitirib.

     

    Təhsilini bitirdikdən sonra 15 il Leninqrad Mexanika Zavodunda işləyib.

    Məmişov 1990-cı illərin əvvəllərində yenidən qurulan "Avtoarmatura” ASC Direktorlar Şurasının sədri olub.

    V.Məmişov öz adını "Forbes”in milyarderlər siyahısına yazdırmağa nail olub. Minlərlə işçinin çalışdığı kompaniyanın direktorlar şurasının sədridir. Eyni zamanda Rusiya Prezidentinin səlahiyyətli numayəndəsi yanında İqtisadi Ekspert Şurasının üzvüdür.

     

    V.Məmişov həmçinin vaxtaşırı olaraq Azərbaycanla bağlı tədbirlərə təşkilatçılıq edir, Rusiyada keçirilən seçkilərdə fəallıq göstərir. 

    1996-cı ildə “Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordeni və “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı, Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2006-cı il Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

    İki qızı, bir oğlu var. 

    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər