Putin, “Naməlum Əsgər”in məzarı... Zelenskinin “Nobel” arzusu: insanlar isə kütləvi şəkildə qırılır - DÜNYA DAHA BÖYÜK MÜSİBƏTƏ HAMİLƏDİRNURƏDDİN ƏDİLOĞLU YAZIR

Putin, “Naməlum Əsgər”in məzarı... Zelenskinin “Nobel” arzusu: insanlar isə kütləvi şəkildə qırılır - DÜNYA DAHA BÖYÜK MÜSİBƏTƏ HAMİLƏDİRNURƏDDİN ƏDİLOĞLU YAZIR
  • Siyasət

  • Bu gün Ukraynada təkcə slavyan xalqları deyil, həm də müsəlmanlar bir-birinə qarşı savaşırlar. Görəsən bu müharibədə daha hansı xalqların nümayəndələri iştirak edirlər? Bəs Moskvada “NAMƏLUM ƏSGƏR”in məzarında uyuyan döyüşçü hansı xalqın oğludur? 
                      
    Mən bir dəfə bu barədə yazmışdım: Hər il 9 mayda Moskvada Kremlin divarları yaxınlığında, Aleksandr bağında “Naməlum əsgər”in abidəsi önünə əklil qoyanda görəsən  V. Putin nə düşünür? Heç olmasa, özünə bir dəfə sual  verirmi ki,   bu  “Naməlum əsgər”  Moskva uğrunda həlak  olan azərbaycanlı, qazax, gürcü, latış, ukraynalı, tatar, bir sözlə,  Rusiyanın ərazisində yaşayan başqa xalqlardan hansısa birinin  nümayəndəsidir?!  Əgər   bu barədə düşünsəydi, yəqin ki, hakimiyyəti dövründə Kremlə itaət etməyən xalqlardan nə qisas alardı, nə də  onalara öz zövqünə uyğun gələn  RƏHBƏR  “təyin   etməyə”  ÇABA göstərərdi. Bu faktları indi keçmiş SSRİ ərazisində yaşayan xalqıların  hamısı yaxşı bilirlər. Elin sözü əvvəl - axır düz olur. Zərdüşt peyğəmbərin təbirincə desək, əsl HƏQİQƏT də sadə xalqın arasında yaşayır. Şübhəsiz ki, həqiqət anlayışı Ağ Ev,  Kreml və başqa  dəbdəbəli  DÖVLƏT saraylarından, eləcə də Qərbi Avropanın “böyük-böyük” siyasətçilərindən çox uzaqdadır...  
     
    Nobel Komitəsi ədalətlidirmi?
     
    Bu gün Avropanın “başbilənləri”  Rusiya-Ukrayna  müharibəsini dayandırmaq əvəzinə Ukrayna prezidenti Zelenskinin Nobel Sülh Mükafatına namizədliyini irəli sürürlər (?!) və  bununla  sanki Kreml çarını  bir az da qəzəbləndirirlər. Belə  çıxır ki,  müharibə alovunun dünyanı bürüyəcəyinin fərqinə varmırlar!  Martın 31-nə hələ çox var və Allah eləməmiş bu 10 gün ərzində Rusiya daha təhlükəli silahlar tətbiq etməklə  daha BÖYÜK fəlakətlərə, BƏŞƏRİ faciəyə səbəb ola bilər...  
    HAŞİYƏ: Tədqiqatçıların hesablamalarına görə, 1945-ci ildən – yəni  İkinci Dünya müharibəsindən  üzü bəri planetdə bir aya yaxın (26 gün) dinclık mövcud olub. Və bu 77 il ərzində dünyada  onlarla  ictimai-siyasi xadim  Sülh üzrə Nobel mükafatına  layiq görülüb. Əslində  Sülh mükafatı Nobel Komitəsi tərəfindən  millətlər arasındakı dostluq, daimi orduların ləğvi və ya azaldılması və sülhün təşviqi üçün ən çox və ya ən yaxşı işlər görmüş şəxsə təqdim edilir.
     
    Çox qəribədir ki,  M. Qorbaçov  17 dekabr 1986-cı ildə  Alma-Atada 174 nəfər, 9 aprel 1989-cu il Tiflisdə 19 nəfər, 19-20 yanvarda 1990-cı ildə   Bakıda 147 nəfər dinc sakini qətlə yetirəndən sonra bu mükafata layiq görüldü. Və 1990-cı ildə ona Nobel Sülh mükafatı təqdim olunandan sonra 13 yanvar 1991-ci ildə  Vilnüsdə növbəti dəfə qanlı  cinayət törətdi. 
     
    2009 -cu ildə  isə bu  mükafata ABŞ prezidenti Barak Obama da layiq görüldü. Doğrudur,  Obamanın mükafatlandırılması o zaman tənqidsiz ötüşmədi. Çünki Əfqanıstanda 30 min əsgəri olan Amerika prezidentinin sülh mükafatına layiq  görülməsi heç bir məntiqə sığmırdı...
     
    Ona qalanda L. Breynev 18 illik hakimiyəti dövründə Nobel Sülh mükafatına daha çox layiq idi və sülhə, dinc yanaşı yaşamağa Mixail Qorbaçovdan, Barak Obamadan qat-qat artıq xidmət etmişdi. 
     
    Putinin “parçala, hökm sür” siyasəti 

    Putin hakimiyyətə gələndən rus imperializminin  keçmiş SSRİ-nin regionlarında və dünyada  apardığı hegemonçuluq siyasəti  BMT -nin  gözləri qarşısında baş verib. Təbii ki, mən  siyasətçi deyiləm və baş verən hadisələrə humanist  nöqteyi -nəzərdən  yanaşıram. Bu gün Ukraynadakı müharibə milyonlarla  insanı pərən-pərən salır. Qadınlar və uşaqlar atəş altında -mühasirədə qalıblar. 100 -dən çox uşaq qətlə yetirilib.  Minlərlə yaşayış binası yerlə-yeksan edilir. Milyonlarla adam ölkəni tərk edir. ABŞ senatı Vladimir Putini “hərbi cani” elan etsə də, Ukraynada zorakılıq, hərbi cinayətlər hələ də davam edir. 2020-ci ildə yenilənən konstitusiya  isə Vladimir Putinə 2024 və 2030-cu illərin prezident seçkilərinə də qatılmaq imkanı verir(?!)   
    Dostoyevski deyirdi ki, xalqın içindəki ÇİRKABI xalqın özünə şamil etmək olmaz!
     
    Sözsüz ki, PUTİN  CANİ OBRAZINI ÖZÜ YARADIB. Həm də təkcə bu gün Ukraynada apardığı dağıdıcı müharibəyə görə yox!
     
    Məsələn, illər öncə İrəvana gedəndə niyə Putin, yaşından  qabaq olan qondarma “Erməni soyqırımı” abidəsini ziyarət etdi, amma Bakıya gələndə  az qala gözünün qabağında baş verən 20 Yanvar  şəhidlərini, Xocalı soyqırımı abidəsini bir dəfə olsun ziyarət etmədi?  
     
    Başqa bir sual. Necə olur “durğunluq  dövrü adlandırılan” Brejnevin 18 illik  rəhbərliyi dövründə ABŞ Kremllə ehtiyatlı davranırdı, amma indi yox? Deyəcəksiniz ki, onda Varşava Müqaviləsi Təşkilatı var idi? Cavab birmənalıdır, Əgər NATO Ağ Evdən idarə olunursa, VMT -ni həmişə Kreml idarə edirdi. Yəni Rusiya Gürcüstanda, Suriyada, Qarabağda, Qazaxstanda və bu gün Ukraynada hərbi müdaxilələrə  xərclədiyi milyardlarla vəsaitin 10 -15 faizi ilə gedib ABŞ-ın, necə deyərlər, burnunun ucunda SSRİ kimi hərbi bazalar yerləşdirə bilməzdimi? Yerləşdirərdi, istəsəydi Kubada, Cənubi Amrerikada və başqa yerlərdə bunu edərdi. Bu gün Ukraynada müharibənin gedişatı onu göstərir ki, NATO-ya üzv olmasa da Putin bu ölkəni xəritədən silmək istəyir.  Rus xalqının müharibəyə etiraz edən  görkəmli adamlarını 15 il həbs cəzasıyla hədələyir. Müharibə isə minlərlə gənc əsgəri, yüzlərlə mülki insanı QARA ƏJDAHA kimi udur. Dinc əhaliyə qarşı "cəhənnəm silahı" tətbiq edilir. Kütləvi məzarlıqların sayı-hesabı bilinmir. Bəşəriyyət böyük MÜSİBƏTƏ hamilədir. 3-cü CAHAN savaşısının başlaması AN məsələsidir. Bu gün DÜNYANIN TALEYİ dinindən, irqindən asılı olmayaraq hamını narahat etməldir. Qərim bir məsəldə deyildiyi kimi, TOPPUZ işlədilə bilən yerdə QILINCDAN istifadə etməzlər!
     
    Lukaşenkonun Putin sevgisi və...

    Putin və onun tərəfdarları deyirlər ki, Ukraynanın ərazisində faşistlər və ya neofaşistlərlə vuruşur. Əgər Ukraynada faşist və ya neofaşist varsa,  onda   niyə qaçqınlar Rusiyaya üz tutmurlar? Və ya  həmin  neofaşistlər  niyə Rusiyanın doğum evlərini, xəstəxanalarını, mədəniyyət saraylarını, yaşayış evlərini, uşaq bağçalarını, qocalar evini və s. mülki obyektlərini bombalamırlar?  
    Üstəlik müaharibə bölgəsinə Suriyadan 16 min muzdlu döyüşçü – terrorçu  gətirmək faktı dünyada güclü ordusu olan Rusiyanın adına ləkə deyilmi?
     
    Lukaşenko deyir ki, Ukraynada Belarus kimi dövlət qurulmalıdır. Yəni “Fatı qalx, Fatı otur” diktəsi ilə fəaliyyət göstərməlidir. Yaxş bilir ki, Ukraynada Putinin məğlubiyyəti onun da diktatura rejimini suquta uğrada  bilər.
     
    Kreml “mənəm-mənəmlik” siyasəti ilə müstəqil olmaq istəyən  çeçenləri tar-mar etdi, oranın idarəçilyini Putin özünə sadiq birinə həvalə etdi. Bəs niyə Ukrayna hökümətinə öz ərazisində yaşayan rusları - yəni öz vətəndaşlarını idarə etməyə imkan vermir?  
     
    Rusiya müstəqil dövlətlərin ərazilərinə  - Gürcüstana, Azərbaycanda Xankəndinə, Xocalıya,  Qazaxıstana qoşun yeridəndə özünü “haqlı” sayır,  amma  bu gün öz ərazisində  özünü müdafiə edən Ukrayna xalqına cinyətkar, terrorçu, faşist, neofaşist və s. damğalar vurur.  Belə çıxır  ki,  bu gün Dərbənddə azərbaycanlılar incidilirsə Azərbaycan ora, Urimçidə zorkılığa məruz qalan uyğurlara görə Türkiyə Çinə qoşun yeritməlidir? 
     
    Bu gün Rusiyada 190-dan çox xalq  yaşayır. Putin Lujniki stadionundakı “aktyorsayağı” çıxışında bu rəqəmin 200-ə yaxın olduğunu bildirdi. Bəli, bu gün müharibədə onlar da vuruşurlar və Putinin siyasi ambisiyasına görə  həlak olurlar. Ən dəhşətlisi də odur ki, Ukrayna tərəfdən də, Rusiya tərəfdən də bizim azərbaycanlılar döyüşürlər. Necə deyərlər, qardaş-qardaşa silah çəkib bir-birini öldürür... 
     
    Bilmirəm, bu il 9 mayda Putinə “Naməlum Əsgər”in məzarına əklil qoymaq qismət olacaq ya yox?! Amma onu bilirəm ki,  bu  dəfə də həmin naməlum əsgərin hansı xalqın oğlu olduğunu düşünməyəcək...
    Nurəddin ƏDİLOĞLU( 21.03.22)
    PAYLAŞ:

    Oxşar xəbərlər