Qalib Azərbaycan həm də qurub – yaratmağı, sülhsevərliyi ilə seçilir

Qalib Azərbaycan həm də qurub – yaratmağı, sülhsevərliyi ilə seçilir
  • Cəmiyyət

  • Vətən müharibəsində tarixi Zəfərdən sonra 30 il ərzində mənfur düşmənin əsarəti altında olan torpaqlarımızda tikinti–quruculuq, yenidənqurma, bərpa işlərini canlandırmaqla yanaşı, eyni zamanda postmüharibə dövründə yaranmış reallıqları beynəlxalq ictimaiyyətə olduğu kimi qəbul etdirmək dövlətimizin qarşısında duran əsas məqsədlərdəndir. Bu baxımdan qazanılan uğurlar, nailiyyətlər hər bir azərbaycanlının qəlbini sevinc, fərəh hissləri ilə doldurur. 

     

    Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə çıxış edən ölkə başçımız bildirmişdir ki, ilk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir – Azərbaycanın BMT–yə üzvlüyünün 30 illiyinə həsr olunmuş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərir ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. 

     

    Məlum olduğu kimi, Azərbaycan BMT–dən sonra dünyanın ikinci ən böyük təşkilatı -120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə müxtəlif məsələlərin, problemlərin həllində ədalətli, obyektiv, qərəzsiz münasibəti ilə dünyada böyük nüfuz qazanmışdır. İkili standartların, yəni bir məsələyə bir cür, digər məsələyə tamamilə başqa cür münasibətin bir çox hallarda mövcud olduğu indiki dövrdə Azərbaycanın heç bir  neqativ, ayrı–seçkilik hallarına yol verməməsinin nəticəsidir ki, ölkəmizə yenidən etimad göstərilmiş, onun bu nüfuzlu quruma sədrliyinin daha bir il uzadılması qərara alınmışdır. Sözügedən müşavirədə dövlət başçımızın vurğuladığı kimi, Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik daha bir il uzadıldı. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

     

    BMT–nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini həll etməli olan və bu məqsədlə yaradılan ATƏT Dağlıq Qarabağ probleminin həlli istiqamətində bir addım belə irəli gedə bilmədi. Bu qurumun fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi göz qabağında idi. Münaqişəni təkbaşına həll edən Azərbaycanın apardığı ardıcıl, məqsədyönlü siyasət, ortaya qoyduği təkzibolunmaz faktlar, dəlillər bir sıra mötəbər təşkilatların ölkəmizin tutduğu ədalətli mövqe ilə barışmasına gətirib çıxarmışdır. 

     

    Möhtərəm Prezidentimiz I rübün yekunlarına həsr olunmuş müşavirədə bu məsələyə münasibətini bildirərək qeyd etmişdir ki, ATƏT də yeni reallıqları tam qəbul edib. Minsk qrupu ikinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də sıfırdır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur. Və son aprel görüşündə -6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. 

     

    İki ölkə arasında münasibətlərin normal məcraya gətirilməsi sülh müqaviləsinin  imzalanması üçün ölkəmiz tərəfindən irəli sürülən 5 prinsip Ermənistan tərəfindən qəbul edilmişdir. Əlbəttə, bu razılaşma birdən–birə baş verməmişdir. Bu, Azərbaycanın beynəlxalq norma və prinsiplərə ən yüksək səviyyədə əməl etməklə, eyni zamanda, digər dövlətlərə qarşı münasibətdə haqlı, düzgün mövqe tutması, balanslaşdırılmış siyasət aparması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl, məqsədyönlü işlərin, zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

     

    Dövlət başçımız bu xüsusda vurğulamışdır ki, Azərbaycan iki ölkə arasında əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamaları vermişdir. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. 30 il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbəti də olmuşdu. Bu təcrübə müsbət qiymətləndirilmişdir. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. 

     

    Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistan Respublikası baş nazirinin 2020–ci il noyabrın 10–da imzaladıqları Bəyanatla müharibədəki qələbəmizin təsbit olunmasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm prioriteti azad edilmiş ərazilərdə bərpa–quruculuq işlərinə başlanması, yeni yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi, müasir sosial–mədəni strukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Dövlətimizin başçısı işğaldan azad edilmiş əraziləri addım–addım, qarış–qarış gəzib orada aparılan bərpa və yenidənqurma prosesinə şəxsən rəhbərlik edir. İşğaldan azad edilmiş ərazilər hazırda böyük bir tikinti meydanıdır, burada inşaat, quruculuq işləri ölçüyəgəlməz miqyas və vüsət almışdır. İlk növbədə, həyat təminedici işlər, o cümlədən elektroenergetika, su təsərrüfatı, kənd təsərrüfatı, rabitə və digər sahələrdə işlər yüksək sürətlə həyata keçirilir. 

     

    Ölkə prezidenti I rübün yekunlarına həsr olunmuş müşavirədə vurğulamışdır ki, azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik StansiyasI inşa edilmişdir. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində. Cari ildə beş stansiya “Azenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq. Hazırda xüsusən Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər müraciət edirlər. Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa, deməli, burada mənfəət olacaq. Yerli şirkətləri də cəlb etməliyik və xarici şirkətlərlə birlikdə, ya da ki, ayrı–ayrılıqda, Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür. Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir. Bu, çox böyük göstəricidir. Eyni zamanda, ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkildi – Daşkəsəndən Kəlbəcərə. Orada dağların hündürlüyü 3500 metrdir, ağır, çətin şəraitdə, qış aylarında bu layihələr icra olunub. Zəngilandan İran üzərindən Naxçıvana, oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərinin çəkilişi də gündəlikdə duran məsələlərdəndir. 

     

    Sürətlə aparılan bərpa–yenidənqurma tədbirləri sırasında bütün kənd və şəhərlərin elektrik enerjisi ilə təchizatı xüsusi önəm kəsb edir. Belə ki, bu, digər sahələrin də inkişafını təmin etməklə yanaşı, insanların doğma yurd–yuvalarına qayıtmasının tezləşdirilməsi üçün də vacibdir.

     

    Ölkə başçımız vurğulamışdır ki, bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına  bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük kənd olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihəsi hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa olunacaq. 

     

    Şəhid ailələrinə həm mənəvi, həm də maddi dəstək verən ölkə başçımız dövlətin bu siyasətinin davamlı olduğunu dəfələrlə bəyan etmişdir. Cənab Prezident şəhid ailələri ilə tez-tez görüşlər keçirir, onların sosial-məişət və digər problemləri ilə maraqlanır. Vətən uğrunda həyatlarını qurban vermiş qəhrəman Azərbaycan övladlarının ailə üzvləri dövlət orqanları tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Öz çıxışı zamanı bu həssas məsələyə də möhtərəm Prezidentimiz xüsusi diqqət yetirmişdir: “Şəhid ailələri, müharibə əlilləri üçün inşa edilmiş evlərin, mənzillərin sayı artır. Bu, həm işğal dövründə prioritet məsələlərdən biri idi və ikinci Qarabağ müharibəsindən sonra bu məsələlər öz həllini tapır. Burada məsələ qoyulmuşdur ki, şəhid ailələrinin–həm birinci Qarabağ müharibəsinin, həm ikinci Qarabağ müharibəsinin şəhid ailələrinin yaşayış məsələləri tezliklə öz həllini tapsın. Bu istiqamətdə bu il və keçən il önəmli addımlar atılmışdır”. 

     

    Bəli, qalib Azərbaycan xalqı məğlub Ermənistandan fərqli olaraq söküb-dağıtmaqla deyil, qurub-yaratmaqla, dağıdılanı bərpa etməklə bütün dünyaya nümunəvi xalq olduğunu əyani şəkildə nümayiş etdirir.  

    Təyyar Nəsirli,

    Salyan rayon “Qələbə” qəzetinin əməkdaşı,

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, 

    “Nailiyyət” mükafatı laureatı.

    PAYLAŞ:

    Oxşar xəbərlər