Şuşada icra olunan layihələr xüsusi əhəmiyyətə malikdir

Şuşada icra olunan layihələr xüsusi əhəmiyyətə malikdir
  • Cəmiyyət

  • Vətən müharibəsində tarixi Qələbəmiz Azərbaycanın gücünü, qüdrətini, hansı imkanlara malik olduğunu, ən əsası beynəlxalq hüququn mövcudluğunu və onun icrası üçün vahid mexanizmin olmasının vacibliyini dünyaya çatdırdı. Dünya, eyni zamanda, gördü ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün milli qürur məsələsidir. Cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin «Şuşa İli» elan edilməsi bir daha bu kimi məqamlara işıq salır, Qarabağ torpağının əsl sahibinin Azərbaycan xalqı olduğunu dünyaya bəyan edir.

     

    Şuşa əsrlər boyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Şuşa «Şərqin konservatoriyası»” adlandırılır. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Təsadüfi deyil ki, Müzəffər Azərbaycan Ordusunun dünya hərb tarixində bir ilk olan unikal Şuşa əməliyyatı beynəlxalq ekspertlər tərəfindən öyrənilir, hərbi məktəblərin dərsliklərinə salınmasına ehtiyacın olduğu bildirilir. Düşmən Azərbaycanın gücünü, iradəsini, milli ruhunu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yeri olan hadisədir. İllər öncə ulu öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən bildirmişdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi. 28 illik həsrətdən sonra Şuşa azadlığına qovuşanda isə cənab İlham Əliyev Şuşanı belə dəyərləndirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

     

    Bu gün isə böyük qürur və iftixar hissi ilə Şuşanın dirçəlməsindən bəhs edirik. Bu isə dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa Şuşanın işğaldan azad edilməsi müjdəsini çatırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etməklə yanaşı, Qarabağın tacını dirçəldəcəyimizi böyük inam və qürurla bildirmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi, Şuşanın alınması möcüzə idi. Düşmən Azərbaycanın döyünən ürəyinin azad ediləcəyini heç düşünmürdü. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev müsahibələrində Şuşasız işimizin yarımçıq olacağını bildirir, bununla da Qarabağın tacının azad ediləcəyinə əminliyinə işarə edirdi. Xalqımız söylənilən bu əminliyi böyük sevinci hissi ilə qarşılayaraq, hər an bu müjdəni alacağını gözləyirdi. Şuşanın, həmçinin digər torpaqlarımızın işğaldan azad edildikləri günləri yada salmaq kifayətdir. Bütün küçə və meydanlar sanki bu sevincdən dil açmışdı. 30 illik torpaq həsrətini yaşayan xalqa bu sevinci yaşadan Liderə təbii ki, minnətdarlıq sonsuz olacaq. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra bərpa və qurulucuq işlərinə start verməsi ən xoşbəxt, tarixi anlardan biridir. 

     

    Dövlət başçısı İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Həmçinin, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Şuşada yeni teleqüllənin təməli qoyuldu. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Keçmiş poçt binasında “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq. Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start verildi. Yeni beşulduzlu otelin inşası üçün yer seçildi.

     

    Şuşanın 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək. Belə bir qərar böyük siyasi, tarixi və hüquqi əhəmiyyətə malikdir. İşğaldan azad edilən torpaqlarımızın minalardan tam təmizlənməməsinə baxmayaraq, keçən il Şuşada müxtəlif əhəmiyyətli tədbirlər keçirilməsi həm də dünyada erməni uydurmasının ifşasına yönəlmişdi. Qarabağın tacının 270 illik yubileyi münasibəti ilə keçiriləcək təbliğati işlər dünyaya səs salacaq və əvvəldə də qeyd etdiyimiz kimi, Şuşanın kimə məxsus olduğu aydınlaşacaq. Bununla da ermənilərin illərlə Qarabağın, eləcə də Şuşanın erməni torpağı olması haqda dünyada apardıqları təbliğat iflasa uğrayacaq. Keçiriləcək tədbirlərlə 270 il öncə inşa edilən Şuşa qalası şəhər mədəniyyəti, tarixi, yerləşdiyi coğrafiyası, bəşər mədəniyyətinə verdiyi töhfəsi ilə dünyada tanınacaq. Dünya ictimaiyyətinə bir daha çatdırılacaq ki, Şuşa Azərbaycan xalqı tərəfindən əsası qoyulan, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir.

     

    Dövlət başçısı İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi möhtəşəm hadisəyə çevrildi və ölkənin şanlı tarixinin qızıl salnaməsinə yazılacaq. 2022-ci il Şuşanın həyatında ən yaddaqalan il olacaq.

    Aytən Hacıyeva, 

    Salyan Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi 

    PAYLAŞ:

    Oxşar xəbərlər