Millət vəkili Özbəkistandan gələn şair, yazıçı və ədəbiyyatşünas alimlərlə görüşdü - FOTOLAR

Millət vəkili Özbəkistandan gələn şair, yazıçı və ədəbiyyatşünas alimlərlə görüşdü - FOTOLAR
  • Cəmiyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva qardaş Özbəkistandan gəlmiş şair, yazıçı və ədəbiyyatşünas alimlərlə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Özbəkistan Yazıçılar Birliyinin üzvü, “İnsan və qanun” qəzetinin baş redaktoru, yazıçı-dramaturq Qoçkar Norkabil, “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəm, Özbəkistan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Tursun Ali, Ədəbiyyatşünas alimlər – Milli Universitetin Jurnalistika fakültəsinin dekanı Mahliya Mirsoatova, Milli Universitetin dosenti Xurşidə Qafurova, Hafizə Qoçkarova Mədə­niyyət Komitəsinin mənəvi dəstəyi, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “NƏFƏS” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “UMAY – Türk dünyası Qadınlarına dəstək” İB və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə baş tutan səfərin maraqlı və zəngin keçdiyinə görə Q.Paşayevaya təşəkkür edib. Azərbaycandan zəngin təəssüratlarla ayrıldıqlarını bildirən özbək aydınları yeni dostlar qazandıqalrını, yeni ideyalar və layihələrlə tanış olduqlarını vurğulayaraq, gələcəkdə ortaq layihələr, nəşrlərlə bağlı fikir mübadiləsi aparıblar.
     
    Özbək aydınlarını Milli Məclisin Mədəniyyət Komitəsində salamlayan Q.Paşayeva, səfərin maraqlı və zəngin proqram əsasında keçməsindən çox məmnun olduğunu bildirib, ürək sözlərini söyləyib: “Siz Azərbaycanda qonaq deyilsiz, bura sizin də vətəninizdir. Biz də Özbəkistanı öz vətənimiz bilirik. Mən bir qrup mədəniyyət içşçisi və incəsənət xadimi ilə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərindən bir qədər öncə dönmüşəm. Biz də Özbəkistandan çox zəngin təəssüratlarla gəldik. Xahiş edirəm, bizim salam-sayğılarımızı ailələrinizə, doğmalarınıza, kollektiv­lərinizə çatdırasınız. Özbək qardaş-bacılarımızı Azərbaycanda yenidən görməkdən şad olacağıq.

    Çox şadam ki, Qoçkar bəyin pyesi əsasında İrəvan Dövlət Dram Teatrının hazırlamış olduğu “Beş dul qadın və rəis” komediyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
    Bəli, biz hamımız tamaşanın premyerasına böyük marağın şahidi olduq. Ağsaqqal şairimiz, Əməkdar incəsənət xadimi, keçmiş səfir və İrəvan Teatrının keçmiş direktoru hörmətli Hidayət Orucovun, başqa aydın­larımızın, sənətçilərimizin, vətəndaş cəmiyyəti institutları rəhbərlərinin premyerada iştirakı həm əsərə, müəllifə, həm də ümumən, qardaş Özbəkistana, mədəniyyətə, İrəvan teatrına diqqətin ifadəsidir.
     
    Bu son deyil. Teatrlarımız, yazarlarımız arasında yeni ortaq işlərin əsası qoyulduğuna inanıram. İnanıram ki, getdikcə, ədəbiyyat təmsilçilərimiz, mədəniyyət işçiləri və incəsənət xadimlərimiz bir-birini daha çox öyrənəcək, təcrübə mübadiləsi aparacaq, layihələr icra edəcəklər. Bu istiqamətdə fəaliyyət üçün zəngin təcrübə, yaxşı ənənə, xəlqi tələbat və işləmək əzmimiz var.

    Bir daha hər birinizə yeni yaradıcılıq uğurları diləyir, ən xoş arzularımı yetirirəm”!
    Komitə sədri özbək aydınlarına Azərbaycan-Özbəkistan qardaşlıq, dostluğunu simvolizə edən və milli ornamentli xatirə hədiyyələri təqdim edib.   
     
    Qeyd edək ki, qardaş ölkə aydınlarının səfəri 05-10 may tarixində gerçəkləşib. Özbək aydınları Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı, II Fəxri Xiyabanı ziyarət edib, “Yeni Müsavat” redaksiyasında, “NƏFƏS” İB-də, Beynəlxalq Avrasiya Mətbuat Fondunda, Azərbaycan Yazıçılar Birliyində görüş keçirib, KİV-lərin suallarını cavablandırıb, Beynəlxalq Muğam Mərkəzində “Yunus Əmrə aşiqləri” konsert proqramında, Xalq artisti, Dövlət Mükafatı laureatı Ramiz Quliyevin yubiley gecəsində, eləcə də, gənc rəssam Lalə Həsənovanınn “TURAN-Bakı” restoranında keçirilən satış-sərgisində iştirak edib. Qardaş ölkə aydınlarının həmçinin “Qobustan” Dövlət Qoruğuna, “Yanardağ”a da ziyarəti təşkil olunub.
    Mayın 9-da isə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Qoçkar Norkabilin pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub. Premyera anşlaqla keçib. Bu, 30 ildən sonra bir ilk olub. – Özbək yazarının əsəri Azərbaycan teatrının səhnəsində 30 ildən sonra yüksək səviyyədə oynanılması ilə mədəni əlaqələr tariximizə düşmüş olacaq.

    Özbəkistanın tanınmış yazıçı-dramaturqu Qoçkar Norkabilin “Beş dul qadın və rəis” eyniadlı komediyası əsasında hazırlanmış  tamaşa İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən uğurla səhnələşdirilib.

    MM Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlament­lərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva, Özbəkis­tandan gəlmiş nümayəndə heyəti, mədəniyyət işçiləri, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, teatrsevərlər, yazıçı və şairlər, təşkilatçı qurumların rəhbərləri, nümayəndələri iştirak edən premyera başlama­mışdan öncə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev çıxış edib. Direktor bildirib ki, təmsil etdiyi teatrın bu il 140 illiyi tamam olur: “Artıq teatrımız 140-cı mövsümünün ikinci premyerasını təqdim edir. Bu, Özbəkistanın tanınmış dramaturqu Qoçkar Norkabilin “Beş dul qadın və rəis” əsəridir. Əsər Qənirə xanımın təşəbbüsü ilə bizim  teatrda hazırlanıb.
    Bu təşəbbüs həm ümumi türkçülüyümüzə xidmət edir, həm də İrəvan Teatrının irəvançılıq missiyasının həyata keçirilməsinə, türk dövlətlərinin daha da qardaşlaşmasına yol açır”.
    MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva öz çıxışında Özbə­kistan və Azərbaycan arasındakı mədəni əlaqələrin tarixindən, buğu­nündən danışıb, əlaqələrimizin daha da inkişafı üçün görülməli işlərdən söz açıb: “Özbəkistanda Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına böyük sevgi var. Özüm şahidəm ki, Özbəkistanda bir sıra Azərbaycan filmləri, o cümlədən “Əhməd hardadır?”, “Qaynana” və başqa filmlər tərcüməsiz nümayiş olunur. Həmçinin bilirlər ki, hansı mahnımız hansı filmdəndir.

    Bu gün əsəri səhnələşdirilmiş Qoçkar Norkabil və onun xanımı, tanınmış şair Xasiyyət Rüstəm sözün əsl mənasında Özbəkistandakı Azərbaycan­dırlar. Onlar Azərbaycanı sevgi ilə təbliğ edən, bizimlə ağlayan, bizimlə gülən insanlardır. Xasiyyət xanım Tovuz hadisələri zamanı daim yazırdı və bir kitab çap etdi. Həmçinin 44 günlük Vətən Müharibəsində qazandığımız zəfər münasibəti ilə “44 gün” adlı kitabla nəşr etdirib.

    İnanıram ki, premyera uğurla baş tutacaq. Bunu deməyə həm teatr kollektivinin peşəkarlığı həm də müəllifin istedadı əsas verir”.

    Daha sonra Q.Paşayeva İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, teatrın baş rejissoru, “Beş dul qadın və rəis” tamaşasının quruluşçu rejissoru Sərvər Əliyev və yazıçı-dramaturq Qoçkar Norkabilə Komitə adından Təbrik və təşəkkür məktubu, xatirə hədiyyələri təqdim edib. Q.Norkabilə həmçinin ABAİ İB, “UMAY”, “NƏFƏS”, RHİMB və DGTYB adından plaketlər təqdim olunub. Q.Paşayeva tamaşanın bəstəkarı, Xalq artisti Sərdar Fərəcov, tamaşadakı mahnı mətnlərinin söz yazarı Rəsmiyyə Sabir və Bakıda səfərdə olan Özbəkistan heyətinin üzvlərinə də xatirə hədiyyələri bağışlayıb.

    Özbək heyəti adından Q.Paşayeva, İ.Piriyev və S.Əliyevə özbək milli geyimləri hədiyyə olunub.
    İ.Piriyev İrəvan Dövlət Akademik Teatrı adından özbək heyətinin üzvlərinə xatirə hədiyyəsi bağışladıqdan sonra tamaşa təqdim olunub.
    Xatırladaq ki, “Beş dul qadın və rəis” bir hissəli komediyasında rollarda Xatirə Süleymanova, Səmayə İsmayılova, Sevinc Hüseynova, Elnarə Heydərova, Xədicə Məmmədova, Natiq Həziyev, Güney Əliyeva, Pərvin Dadaşova, Səbinə İmanverdiyev, Niyaməddin Səfərəliyev, Bəhruz Hikmətoğlu oynayıb.

    Əsərdə bir şirkətin mühasibatlığında çalışan beş dul qadının şirkətə yeni təyin olunmuş müdiri, necə olursa-olsun yoldan çıxarıb, özlərinə tabe etdirmək cəhdindən bəhs olunur. Rəis isə öz həyat yoldaşını işə müvəqqəti olaraq xadimə kimi götürüb, işdəki qadınların bütün planlarını öyrənib, necə deyərlər, onları neytrallaşdırır...

    Özbək yazıçı-dramaturqunun əsərini uğurla canldandıran aktyorların ifası dəfələrlə alqışlarla qarşılanıb, tamaşaçılar sənətçilərə gül buketləri təqdim edib, onlarla xatirə şəkilləri çəkdirib.






    PAYLAŞ:

    Oxşar xəbərlər