İyulun 25-də Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha idarəetmədə aparılan islahatların uğurlu nəticələrindən bəhs edərək bildirmişdir: "Mən hesab edirəm ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir". Yeni təyinatlardan vəzifə məsuliyyətlərinə vicdanla yanaşmağı tələb edən Prezident İlham Əliyevin tövsiyəsi, tələbi xalqla birgə çalışmaq bacarıqlarını işləri ilə təsdiqləmək, onlara göstərilən etimadı vəzifə borclarını yerinə yetirməklə, doğrultmaqdır ki, bu da öz növbəsində vətəndaş məmnunluğunun artırılmasını şərtləndirir.
"Hər bir dövlət məmuru öz vəzifəsini şərəflə, vicdanla, ləyaqətlə yerinə yetirməyə borcludur"
Ölkəmizdə baş verən uğurlu nailiyyətlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin iqtisadi və siyasi islahatları 2003-cü ildə Prezident seçiləndə başlayıb. Bəli, əbəs yerə deyil ki, Prezident olaraq ilk müsahibəsində cənab İlham Əliyev demişdir ki, biz feodal təfəkkürü, mağara psixologiyası ilə heç nəyə nail ola bilmərik. Bəli, bu fikir əslində, cənab Prezidentin cəmiyyətə və mövcud siyasi komandaya ismarıcı idi ki, kim komandada qalıb işləmək istəyirsə, buyursun müasir dəyərlərə, sivil qaydalara uyğun işini qursun, cəmiyyətlə ağa-qul münasibətində deyil, xalqın xidmətçisi kimi rəftar etmək lazımdır. Cənab Prezident hər dəfə əbəs yerə demir ki, xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Bu artıq idarəetmənin fəlsəfəsi deməkdir, bu artıq lider-xalq münasibətinə yeni baxışdır. Göründüyü kimi, elə bu tezislə Prezident İlham Əliyev ilk öncə iqtisadi islahatlara start verdi, qeyri-neft sektorunda ciddi irəliləyiş yarandı, ənənəvi aqrar sahələri, pambıqçılığı, üzümçülüyü, çayçılığı inkişaf etdirdi. Məqsəd iqtisadi bazanı yaratmaq idi, çünki iqtisadi baza olmadan digər sferalarda islahatlar nəticə vermir. Və bu gün Möhtərəm Prezidentimizin aydın zəkası, zəngin bilik və təcrübəsi, çoxsahəli fəaliyyəti və zəhməti hesabına Azərbaycanda müasir tələblərə cavab verən dövlət idarəçilik sistemi yaradılmışdır. Yeniləşən dünyanın tələblərinə cavab verən gənc kadrların vəzifələrə gətirilməsi ölkəmizin bu günü və gələcəyi üçün mühüm əhəmiyyət daşıdığı hər kəsə məlumdur. Məhz buna görə də bütün sahələrdə yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan gənc kadrlar mühüm dövlət vəzifələrinə irəli çəkilir. Kadrların seçilməsində onların iş qabiliyyəti, dövlətçiliyə, dövlətə sədaqətləri, vətənpərvərliyi əsas götürülür. Və cari il iyul ayının 25-də ölkə başçısı Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında çox vacib və mühüm məqamlara toxunaraq bildirdi ki, bu gün idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır: «Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır". Bəli, bu gün ölkə başçısı, cənab Prezident İlham Əliyevin yeni təyin olunmuş icra başçılarını qəbul etməsi, onlara müvafiq tapşırıqlarını və tövsiyələrini verməsi, Azərbaycan prezidentinin apardığı siyasətin mərkəzində vətəndaş məmnunluğunun dayanmasının bariz sübutudur.
MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü