Azərbaycanın koronavirusla mübarizə metodları dünyanın bir çox ölkələri üçün nümunədir ŞƏRH

Azərbaycanın koronavirusla mübarizə metodları dünyanın bir çox ölkələri üçün nümunədir ŞƏRH
  • Siyasət / Manşet

  • İki ildən artıqdır dünyanı cənginə alan koronavirus infeksiyası ilə bağlı Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər təqdir edilir. Belə ki, pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə pandemiyanın tüğyan etdiyi bir dövrdə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bir sıra qlobal təşəbbüslərlə çıxış edərək qlobal liderlik rolunu üzərinə götürdü, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Bu sırada dövlət başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin mayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabrında 150-dən çox ölkənin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar. Bununla yanaşı, koronavirusa qarşı vaksinlərin yeni istifadəyə buraxıldığı dövrdə bəzi ölkələr “peyvənd millətçiliyi” edərək onların bölünməsində qeyri-bərabərliyə üstünlük verirdilər. Əlbəttə, dünyada qlobal gücə çevrilən Azərbaycan rəhbərinin diqqətindən bu məqam yayına bilməzdi. Lakin nəticədə, Prezidentin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə 2021-ci ilin martında yekdilliklə qəbul olundu. Ölkə Prezidentinin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Hər bir tədbir səylərin birləşdirilməsinə, birlik, həmrəylik çağırışlarına böyük töhfə oldu.

    Bir sözlə, Azərbaycanın koronavirus pandemiyası ilə apardığı mübarizə bir daha onu göstərdi ki, ölkəmiz bu istiqamətdə də qlobal səviyyədə liderliyini davam etdirir. Çünki Azərbaycan bəzi ölkələr kimi pandemiya ilə mübarizədə yaxasını kənara çəkmədi, əksinə, bütün müstəvilərdə xəstəliklə mübarizə zəminində hətta dünyaya da öz töhfəsini verdi. Pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Və bu gün bütün dünya Azərbaycanın təcrübəsini mənimsəyir. «Biz birlikdə güclüyük» şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib. Məhz bu birliyin nəticəsidir ki, Azərbaycan MDB-də COVID-19 əleyhinə vaksinasiya səviyyəsinə görə liderdir.
    Bu günlərdə BMT Baş Assambleyası sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrdə Prezident İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının Sədri kimi Hərəkata üzv dövlətlər adından təqdim olunan videoformatda çıxışı da Azərbaycana olan inamın, dövlətimizin artan nüfuzunun, siyasi çəkisinin təqdimatı oldu. 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına üzv dövlətlərin adından çıxış etməkdən məmnunluq hissi keçirdiyini bildirən dövlət başçısı İlham Əliyev digər çıxışlarında olduğu kimi, bu dəfə də “peyvənd millətçiliyi”nə qarşı növbəti çağırışını etdi: «Məhz yardım göstərmək, inkişaf etməkdə olan ölkələrə kömək göstərmək üçün biz başçılıq etdiyimiz Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi təşəbbüsünü, sonra isə Qoşulmama Hərəkatının adından Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdük və bu sessiya keçirildi. Həmçinin nəinki başqalarına kömək etməyən və yalnız özü haqqında düşünən, həm də onlara lazım olduğundan qat-qat çox vaksin alan ölkələri qınayan müvafiq qətnamələr qəbul edildi.»

    Dövlət başçısı bildirdi ki, “vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, Azərbaycan 5 ölkəyə peyvənd ianəsi edib və bu iş davam etdiriləcək. Həmçinin, dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib” söyləyərək “peyvənd millətçiliyi”nə qarşı mübarizədə ədalət prinsiplərinin qorunmasına, bütün insanlara eyni dərəcədə yanaşılmasına, insanlar arasında qeyri-bərabərliyin aradan qaldırılmasına tərəfdar olduğunu bildirən dövlət başçısının təşəbbüsü əsasında hazırlanan qətnamənin 171 ölkə tərəfindən qəbul edilməsi də Azərbaycan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev çıxışında bu statistikaya da diqqəti yönəltmişdir ki, ölkəmizdə yetkin əhalinin 68 faizi peyvəndin hər iki dozası ilə təmin olunub.
    Bir sözlə, «peyvənd millətçiliyi»nə qarşı mübarizədə ədalət prinsiplərinin qorunmasına, bütün insanlara eyni dərəcədə yanaşılmasına, insanlar arasında qeyri-bərabərliyin aradan qaldırılmasına tərəfdar olduğunu bildirən Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi də təşəbbüsləri dünyada peyvəndlərin ədalətli bölgüsü, vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətindəki ədalətsizliyə çağırışıdır. Ən əsası insan amili dövlətimizin siyasətinin əsasını təşkil etdiyi, eyni zamanda, koronavirus infeksiyası ilə mübarizə insan sağlamlığı ilə əlaqədar olduğu üçün Azərbaycan Prezidenti İlham Əliyev bu bəladan bütün dünyanın tezliklə və az itki ilə çıxması üçün səylərini artırır və birliyin, həmrəyliyin vacibliyinə çağırışlar edir. Çünki, Azərbaycan Prezidentinin son 18 illik prezidentlik fəaliyyəti dövründə təkcə pandemiyaya qarşı mübarizədə göstərdiyi fədakarlıqla kifayətlənməyən dövlət başçımız qlobal çağırışların təşəbbüskarı kimi də dünya dövlətlərinin hörmət və ehtiram göstərdiyi sivil dəyərlərə sadiq liderdir və dünya dövlətləri də Azərbaycan Prezidentinin qlobal həmrəylik çağırışına qoşulmaqla, birgə mübarizə aparmaqla 2022-ci ildə COVID-19 pandemiyasına qalib gəlməyə nail olacaq.

    MƏŞHUR MƏMMƏDOV,
    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
    PAYLAŞ:

    Oxşar xəbərlər