“Azərbaycan idman dövlətidir” - Prezident İlham Əliyev

“Azərbaycan idman dövlətidir” - Prezident İlham Əliyev
  • Siyasət

  • Bu ilin 17 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə görüş keçirmişdir. Ölkəmizin başçısı görüşdə çıxış etmişdir. Ölkəmizi ləyaqətlə təmsil edən güləşçiləri təbrik edən Prezident bu uğuru böyük nailiyyət kimi dəyərləndirmişdir. Avropa çempionatında güləşçilərimiz 7-si qızıl olmaqla 16 medal qazanmışdır. Eyni zamanda, komanda hesabında bizim   komandamız  birinci yerə layiq görülmüşdür. Dövlət Himnimizin yeddi dəfə səsləndirildiyi bu mötəbər yarışda həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları əldə olunan bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar. Prezident bu münasibətlə idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik etmişdir. Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanda idmanın uğurla inkişaf etdiyini, Azərbaycanın idman dövləti olduğunu, həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımızın öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirdiklərini vurğulamışdır. Prezident güləşin Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malik olduğunu demişdir. Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir - Prezident əminliyini ifadə etmişdir: ”Güləş bizim milli idman növümüzdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Bizim bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir. Əminəm ki, bu yaxınlarda medallar qazanmış idmançılar arasında gələcəyin Avropa, dünya və Olimpiya çempionları olacaqlar. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə əminəm ki, Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Hər halda Avropada gənclər arasında biz birinciyik”. Prezident çıxışında - “Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz” - deyərək idmançılara əlavə stimul vermişdir: ”Çünki biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik. Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz. Çünki bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq”.

     

    Azərbaycan müstəqil dövlət kimi bu gün öz tarixinin çox şərəfli, inkişaf və tərəqqi dövrünü yaşayır. 44 günlük Vətən Müharibəsində qazandığımız qələbə bir daha sübut etdi ki, Azərbaycan yeni reallıqlar yaratmışdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara əsaslanan çoxşaxəli siyasi strategiya bu gün Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, bütün sahələr kimi idman da diqqətdən kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı İlham Əliyevin xüsusi diqqəti bu gün Azərbaycanı  idman ölkəsinə çevirib. “İdman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir,   dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan bu ölkələrin sırasındadır.” – ölkə başçımız güləşçilərlə gürüşündə bu fikirləri səsləndirmişdir.

     

    Bəli, bu gün idmanla yanaşı, bütün sahələrdə Azərbaycan müstəqil dövlət kimi xariqələr yaradır. Prezidentin idman yarışlarını öz ailə üzvləri ilə birlikdə şəxsən izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması yeni qələbələrə zəmin yaradır və  idmançıları yeni qələbələrə ruhlandırır.

        

    Məhbubə   Şahbazova – Masallı rayon Bədəlan kənd orta məktəbi

                                        

    PAYLAŞ:

    Oxşar xəbərlər