Masallıda Mərkəzi Kitabxananın 100 illik yubileyi qeyd olunub - FOTOLAR

Masallıda Mərkəzi Kitabxananın 100 illik yubileyi qeyd olunub - FOTOLAR
  • Masallı / Mədəniyyət

  • Masallı rayon Mərkəzi Kitabxanasında kitabxananın yaranmasının 100 illiyi ilə əlaqədar “100 il oxucuların xidmətində” adlı yubiley tədbiri keçirilib.

    Asiya.az xəbər verir ki, tədbir rayon ictimai heyətinin nümayəndləri, idarə və müəssisələrin rəhbərləri ilə birlikdə kitabxananın önündə hazırlanmış sərgilərə baxışla başlanılmışdır. 

    Daha sonra müasir, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Himni səsləndirilib.

    Tədbirdə rayon ictimai heyətinin nümayəndləri, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. Tədbirin aparıcıları Aygül Mirzəzadə və Günay Xəlilova Mərkəzi Kitabxananın yarandığı 100 ildən bəri keçdiyi inkişaf yolu və fəaliyyəti haqqında məlumat veriblər.

    Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov ilk çıxış edərək Regional İdarənin əməkdaşları adından qonaqları salamlamış və Mərkəzi Kitabxananın rəhbərliyi başda olmaqla bütün əməkdaşlarını 100 illik yubileyi münasibətilə təbrik etmişdir. O, çıxışında bildirmişdir ki, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin yaranması ilə bu bölgədə bilik və maarif kütləvi xarakter almış, işıqlı gənc nəslin yetişməsində böyük pay sahibi olmuşdur. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində milli kitabxana sistemi özünün intibah dövrünü yaşayır və qarşısına qoyduğu hədəfləri uğurla qət edir.  

    Sonra yazıçı-publisist Nurəddin Ədiloğlu, rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon Komitəsinin sədri Vəkil İsmailov, kitabxananın sabiq rəhbərləri Adil Heydərov və Ələddin Nəzərov, “Göy qurşağı” ədəbi məclisinin həmsədri Xanəli Toliş kitabxananın rayonun mədəni həyatında fəal iştirakından və əhalinin maariflənməsində müstəsna rolundan, kitabların insanların mənəvi yüksəlişi və şəxsiyyət kimi formalaşmasına verdiyi əvəzsiz töhfələrdən bəhs etmişlər.

    Tədbirin bədii hissəsində Regional Kollecin tələbələri və şəhər 3 saylı uşaq bağçasının balaca fidanları şeirlər oxuyublar. Kənd kitabxanalarının əməkdaşları Sevda Abbasova, Əsmər Əliyeva, Fəridə Fətullayeva və İntiqam Əsgərli adına şəhər 3 saylı orta məktəb kitabxanasının müdiri Günay Allahverdiyeva Azərbaycan poeziyasından nümunələr səsləndiriblər.

    Mədəniyyət İdarəsinin solistləri Atamoğlan Zahidov, Ruslan Zahidov, Onbirillik İncəsənət məktəbinin müəllimi Aysel Nərimanova və “Həcər” folklor qrupu üzvlərinin ifasında mahnılar ifa  olunmuşdur.

    Tədbirin gedişatında kitabxananın yaranmasının 100 illiyi münasibətilə tədbirə dəvət olunanlar kitabxana kollektivinə Fəxri Fərmanlar və kitabxanaya maraqlı kitablar hədiyyə ediblər. 

    Yekunda Masallı rayon Mərkəzi Kitabxanası ilə mədəni–kütləvi tədbirlərin təşkilində birgə əməkdaşlığa görə rayonun bir sıra idarə və təşkilatlarına, habelə nümunəvi və fəal oxuculara kitabxananın Fərxri Fərman, Təşəkkürnamə və hədiyyələri təqdim olunub.
    Fotomüxbir: Faiq Mirzə 



































    PAYLAŞ:

    Oxşar xəbərlər