Alim öldü, aləm öldü...

Alim öldü, aləm öldü...
  • Cəmiyyət

  • Nurəddin Bəyiş oğlu Məlikov ixtisas etibarilə filoloq-müəllim idi. O əyalətdə - Masallıda yaşayırdı. Amma ölkə səviyyəsinə layiq bir ziyalı idi. Sözün əsl mənasında bilik xəzinəsi idi, canlı ensiklopediya idi, bəlkə də bir fərdin timsalında bir nəhəng Elmlər Akademiyası idi. 
    Nurəddin müəllim 1990-2000-ci illərdə Masallının müxtəlif məktəblərində fənn müəllimi, direktor müavini, direktor, Masallı rayonlararası Əmək Müfəttişliyində müfəttiş, Masallı rayon İcra Hakimiyyətində ictimai-siyasi məsələlər üzrə şöbə müdiri, Masallı rayon Təhsil Şöbəsinin müdiri və s. vəzifələrdə işləsə də, amma öz prinsipləri ilə, kuralları ilə yaşayan, su kimi duru insan idi. Ənənəvi məmur tipindən tamamilə uzaq idi. Sufi təbiəti vardı. Və elə sufizm ilə də yaxından maraqlanırdı. 
    Nizami Gəncəvini, Nəsimi, Füzuli yaradıcılığını, onların irfan fəlsəfəsini dərin bilicilər kimi təhlil edirdi. "Quran" üzərinə çox maraqlı dəyərləndirmələri vardı. 
    Rayon yerlərində bu cür işıqlı insanların, maarifçi şəxslərin olması insanı yaxşı mənada heyrətləndirir. Bəli, əyalətdə bu cür elm dəryası insanlar da var. 

    Mən nə vaxtsa Nurəddin müəllimlə bir müsahibə təşkil etməyi və onu daha geniş çevrəyə təqdim etməyi, tanıtmağı düşünürdüm. Amma qismət olmadı. Deyir sən saydığını say, gör zalım fələk, amansız xəstəlik nə sayır...
    Eşitdim ki, Nurəddin müəllim ötən gün böyrək çatışmamazlığından müalicə aldığı FHN-nin hospitalında dünyasını dəyişib. 
    Bu acı xəbərdən çox sarsıldım. Onunla müxtəlif mövzularda söhbətlərimiz bir anın içərisində bir kino lenti kimi gözlərimin önündən gəldi keçdi.  
    Heç vaxt ölməyəcəyini və ya çox uzaq gələcəkdə öləcəyini zənn etdiyimiz azman insanlar heç gözləmədiyimiz halda, bir göz qırpımında bu aləmdən ayrılıb xatirələrə köçürlər, fotoşəkillərdə qərarlaşırlar...

    Və bizim də gücümüz yanlız onların arxasınca, onların ruhları üçün sadəcə dua etməyə yetir. Birimiz "Allah rəhmət eləsin" yazır, o birimiz "Nur içində yatsın" deyir, bir digərlərimiz isə "Məkanı Cənnət olsun", "Ruhu şad olsun" deyə dua edirlər. 
    Və beləcə tanıdığımız, doğma sandığımız, dost bildiyimiz, dəyər verdiyimiz insanların ömrü dualarımızda yekunlaşır. 
    Sözün düzü, heç ağlıma da gəlməzdi ki, nə vaxtsa Nurəddin müəllim üçün nekroloq yazası olacam. 
    Son evində - məzarında, mədfənində rahat uyu, Nurəddin müəllim. Sənin Peyğəmbər yaşında vəfat etməyində də bir hikmət var. İnşAllah ki, Cənnətliksən?
    Gəlimli, gedimli dünya, Son ucu ölümlü dünya... 
    Bəybala Mirzəyev
    PAYLAŞ:

    Oxşar xəbərlər