Rusif Kərimov: “Postmüharibə dövrünün yeni formatı – Brüssel sülh gündəliyi Azərbaycanın təşəbbüsü ilə yaradılıb”

Rusif Kərimov: “Postmüharibə dövrünün yeni formatı – Brüssel sülh gündəliyi Azərbaycanın təşəbbüsü ilə yaradılıb”
  • Siyasət

  • Bu gün Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaratdığı yeni geosiyasi və geostrateji reallıqlara əsaslanaraq regionda davamlı sülhə və sabitliyə nail olmaq üçün əhəmiyyətli addımlar atır. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın irəli sürdüyü beynəlxalq enerji və logistik layihələr bütün region ölkələrinin, qonşu dövlətlərin inkişafı və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Təbii ki, bütün bu məqamlar regionda maraqlı olan dövlətlərin, beynəlxalq təşkilatların diqqətindən kənarda qalmır. Artıq hər kəs anlayır ki, Cənubi Qafqazda maraqların təmin olunması yalnız və yalnız Azərbaycanın müəllifi olduğu yeni regional reallıqların qəbul edilməsi əsasında baş tuta bilər. O cümlədən aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi görüşün nəticələri də bu prinsipləri özündə ehtiva edir.

     

    Qeyd olunmalıdır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanat da tam olaraq Azərbaycanın mövqelərinin dəstəkləndiyini təsdiq edir. Azərbaycanın tarixi Qələbəsilə başa çatmış Vətən müharibəsi bitdikdən sonra  Prezident İlham Əliyev bütün çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Yəni, Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini tapır. Həmçinin Bəyanatda Şarl Mişel Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına və Cənubi Qafqazda sülhün təmin edilməsi üçün iki ölkə arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Əlbəttə ki, bu çağırış da birmənalı olaraq Avropa İttifaqı tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qiymətləndirilməlidir. Çünki bu xüsusda Azərbaycanın mövqeyi bəllidir və ölkəmiz sülh və dinc qonşuluq münasibətlərində maraqlı olduğunu hər zaman diqqət mərkəzinə çəkir.

     

    Məhz Azərbaycanın səyləri nəticəsində 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Həmçinin tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Bununla yanaşı qəbul olunmuş qərarda işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur.

     

    Diqqətəlayiq daha bir məqam da budur ki, Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda  10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyi də bir daha təsdiqlənir. Bütün bunlar deməyə əsas verir ki, Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində dövlət başçısı tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur. Heç şübhəsiz, bu uğur həm də Azərbaycan Prezidentinin dünyada böyük nüfuzunun göstəricisidir. Artıq Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyinin müəyyənləşdirilməsində də məhz yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Bu isə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və formatın yaradılması zərurətini ortaya çıxarıb. Məhz bu zərurətdən irəli gələrək, Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. Məlum olduğu kimi, bu formatda ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub.

     

    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi
            

    PAYLAŞ:

    Oxşar xəbərlər